Zaqatalada əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam etdirilir
Zaqatala, 31 mart (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən fevralın 17-dən başlanan pulsuz tibbi müayinə kampaniyası Zaqatala rayonunda da mütəşəkkilliklə davam etdirilir. Bu xeyirxah aksiyadan indiyədək 33 minə yaxın sakin yararlanmışdır.
Tibbi müayinənin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AZƏRTAC-a demişdir ki, bu günə qədər 9 yaşayış məntəqəsində müayinələr tam başa çatdırılmışdır. Ucqar kəndlərdə yaşayan, rayon mərkəzindəki tibb ocaqlarına gələ bilməyən sakinlər də diqqətdən kənarda qalmamışlar. Səyyar həkim briqadaları belə insanlara evlərində tibbi xidmət göstərir.
Müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinə hər gün yüzlərlə sakin müraciət edir. Xəstəxananın baş həkimi Leyla Seyidəliyeva AZƏRTAC-a bildirmişdir ki, müayinəyə gələnlərin əksəriyyəti ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Ümumiyyətlə, indiyədək 11 min 776 nəfərə ambulator müalicə təyin edilmiş, 12 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Xəstəxanada həkim müayinəsindən keçən rayon sakinləri Gülzar Teyyubova, Abidət Əfəndiyeva, İbrahim İbrahimov, Abdurahman Vaşiyev, Muhuma Siracov və başqaları həkim və tibb işçilərinin isti münasibətindən razı qaldıqlarını bildirmiş, belə bir nəcib təşəbbüsə görə dövlətimizin başçısına zaqatalalılar adından minnətdarlıqlarını ifadə etmişlər.