ZAQATALADA KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də Zaqatala Rayon İcra Hakimiyyətində Kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş tədbir keçirilmişdir.
Qabaqcıl fermerlərin, təsərrüfat rəhbərlərinin, iş adamlarının iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, kənd təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Prezident İlham Əliyevin bu il oktyabrın 9-da imzaladığı Sərəncamla kənd təsərrüfatı işçilərinin peşə bayramının təsis edilməsini, hər il noyabrın 1-nin respublikamızda Kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunmasını dövlətimizin başçısının bu sahədə çalışanlara diqqət və qayğısının daha bir bariz nümunəsi olduğunu vurğulayan icra hakimiyyətinin başçısı, son illər kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəti ilə bağlı imzaladığı sərəncamlar, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Zaqatala rayonunda da aqrar sahənin inkişafına güclü təkan vermiş, taxılçılığın, tütünçülüyün, heyvandarlığın inkişafı üçün möhkəm zəmin yaranmışdır.
Məlumat verilmişdir ki, son iki ildə rayonda 5 özəl toxumçuluq müəssisəsi, 3 özəl damazlıq təsərrüfatı yaradılmış, 11 süni mayalandırma məntəqəsi fəaliyyətə başlamışdır. 2008-ci ildə rayonda əkin sahələri əvvəlki illə müqayisədə 5,4 min hektar artırılaraq, 25 min hektara çatdırılmış, o cümlədən taxıl əkini sahələri 2,1 dəfə, taxıl istehsalı isə 2,3 dəfə artmışdır. Rayonda “İnter-Tobacco” MMC-nin tütün istehsalı və emalı müəssisəsi fəaliyyətə başlamış, burada odla tütün qurudan 60 kamera və 4 şitilxana quraşdırılmışdır. Hazırda rayonda “İnter-Tobacco” tərəfindən emal gücü saatda 2,5 ton olan tütün emalı və “Gilan” MMC tərəfindən gündəlik istehsal gücü 10 ton olan süd emalı zavodlarının tikintisi yüksək sürətlə davam etdirilir. Aqrar sahənin inkişafına göstərilən yüksək dövlət qayğısı və fermerlərin gərgin əməyinin nəticəsidir ki, 2008-ci ilin 9 ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq, 65 milyon 237 min manat olmuşdur.
Tədbirdə çıxış edən fermerlər, iş adamları dövlətin bu qayğısına əməli işləri ilə cavab verəcəklərini, ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsinə layiqli töhfələr verəcəklərini bildirmişlər.
Sonda aqrar sahədə uzun illər səmərəli fəaliyyətlərinə görə, bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə Zaqatala Rayon İcra Hakimiyyətinin fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələri təqdim edilmişdir.