Zaqatalada şəhid Rəsul Süleymanlının xatirəsi yad edilib
Zaqatala, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala şəhərindən olan Rəsul Süleymanlıdır. Oktyabrın 25-i şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ili ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. O, 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinin ilk günündən snayperçi kimi döyüşlərə qatılan Rəsul Süleymanlı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb. Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.