ZAQATALALILARIN ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVƏ SEVGİ VƏ MƏHƏBBƏTLƏRİ TÜKƏNMƏZDİR
Bu fikir ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə mayın 6-da Zaqatala rayonunda keçirilən silsilə tədbirlərdəki çıxışlarda dönə-dönə vurğulanmışdır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidə kompleksinin önünə əklil qoymuş, tər çiçəklər düzmüş, dahi rəhbərə sonsuz sevgi və ehtiramlarını bildirmişlər.
Sonra tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olmuş igid həmyerlilərinin xatirəsinə şəhərin mərkəzində ucaldılmış Şəhidlər xiyabanı monumental abidə-kompleksin açılış mərasimində iştirak etmişlər. Mərasimdə çıxış edən Zaqatala rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Vətən yolunda həlak olanların əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu xüsusi qeyd etmiş, şəhid ailələrinin sosial problemlərinin həllinə göstərilən yüksək dövlət qayğısından danışmışdır.
Abidə-kompleksin açılışını bildirən rəmzi lent kəsilmiş, mərasim iştirakçıları abidənin önünə gül-çiçək düzmüşlər.
Daha sonra həmin ərazidə yeni yaradılmış “Azərbaycan klassikləri” monumentinin və əsaslı şəkildə bərpa edilmiş rayon uşaq-gənclər şahmat məktəbinin açılış mərasimləri olmuşdur.
Mərasimlərdə ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıdan danışılmış, ulu öndərin Azərbaycan idmanının inkişafındakı xidmətləri xüsusi vurğulanmışdır.
Elə həmin gün “Qala düzü” İstirahət Mərkəzində “Heydər Əliyev və Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbirin əvvəlində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycanın gücü” sənədli filmi nümayiş etdirilmişdir.
Konfransda rayon icra hakimiyyətinin başçısı A.Əsgərovun “Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ümummilli liderimizin dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi sahəsindəki tarixi xidmətləri bir daha qeyd olunmuşdur.
Konfransda, həmçinin “Təhsil, səhiyyə və mədəniyyətin inkişafının təməli Heydər Əliyev tərəfindən qoyulmuşdur”, “Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ümummilli liderimizin uzaqgörən və məqsədyönlü siyasətinin məntiqi nəticəsidir”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və digər mövzularda məruzələr dinlənilmişdir.
Mayın 6-da günün ikinci yarısında rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Çobankol kənd mədəniyyət evinin əsaslı təmirdən sonra açılış mərasimində iştirak etmişlər.
Həmin gün axşam Zaqatala Olimpiya-İdman Kompleksində respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük bayram konserti olmuşdur.
Zaqatalada ümummilli liderimiz Heydər Əliyevin 85 illiyinə həsr olunmuş bayram tədbirləri davam edir.