Zaqatalanın seçki dairələrinin məntəqələri səsverməyə hazırdır
Zaqatala, 5 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda fəaliyyət göstərən 110 və 111 saylı seçki dairələrinin seçki məntəqələrində fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri başa çatdırılıb və məntəqələr səsverməyə tam hazır vəziyyətə gətirilib.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Milli Məclisə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə aparılıb. Səsvermənin keçiriləcəyi 47 seçki məntəqəsinin hər biri zəruri avadanlıqla, habelə müxtəlif təlimat və texniki vasitələrlə, dayanıqlı rabitə ilə təmin olunub. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə seçicilərin ümumi sayı 48 min 209 nəfərdir. Onlardan 930 nəfəri ilk dəfə səs verəcək.
Komissiya sədrinin sözlərinə görə, dairə üzrə 8 nəfər namizəd qeydə alınıb. Onlardan iki nəfəri siyasi partiyanı təmsil edir. Altı nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə 545 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin seçki məntəqələri də səsvermə gününə tam hazırdır. Dairə seçki komissiyasının sədri Zöhrab İsmayılovun bildirdiyinə görə, dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunun ərazisində yerləşir. Seçicilərin ümumi sayı 46 min 923 nəfərdir. Seçkilərin gedişini izləmək üçün 626 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Dairənin bütün seçki məntəqələri zəruri avadanlıq və texniki vasitələrlə təmin olunub. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə gününün prosedurları barədə tam məlumatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri dairənin tərkibində olan 7 saylı seçki məntəqəsində olub, seçkilərə hazırlıq vəziyyəti ilə maraqlanıb.
Məntəqə şəhərdəki 3 saylı tam orta məktəbin binasında yerləşir. Burada parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Elmira Hacıyevanın məlumatına görə, məntəqə üzrə 1062 seçici qeydə alınıb. Onlardan 17 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlərin paylanılması işi artıq başa çatıb.