CƏMİYYƏT
Zaur Əliyev Balakən rayonunda vətəndaşlarla görüşəcək
Bakı, 4 iyun, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyunun 24-də Balakən, Zaqatala və Qax rayon sakinlərini qəbul edəcək. Qəbul Balakən şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən Balakən rayon Mərkəzi Xəstəxanasının konfrans zalında saat 10:00-da başlanacaq.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən cari ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Balakən, Zaqatala və Qax rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2111) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmək və şəxsiyyəti təsdiq edən sənədlə birgə tibb müəssisəsinə yaxınlaşmaq xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırılır ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat iyunun 23-ü, saat 18:00-da başa çatır.