CƏMİYYƏT
Zaur Əliyev Neftçalada vətəndaşları qəbul edəcək
![Zaur Əliyev Neftçalada vətəndaşları qəbul edəcək](/files/2022/2/1200x630/16517613462527913951_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2022-ci il mayın 26-da Neftçala və Salyan rayon sakinlərini qəbul edəcək. Qəbul Neftçala şəhəri, M.Ə.Sabir küçəsi 506 ünvanında yerləşən Neftçala rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlanacaq. Vətəndaşların qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilir.
AZƏRTAC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadla bildirir ki, qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Neftçala və Salyan rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı Mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2111) əlaqə nömrəsinə zəng etməklə və ya agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmək və şəxsiyyəti təsdiq edən sənədlə birgə tibb müəssisəsinə yaxınlaşmaq xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırılır ki, müraciətin mətni oxunaqlı olmalı, edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 2022-ci il mayın 25-i, saat 18:00-da başa çatır.