Zaur Məmmədov: Ölkəmizdə qapanmalara gedilib-gedilməməsi vətəndaşların məsuliyyətindən və qaydalara necə yanaşmasından asılıdır
Bakı, 12 avqust, AZƏRTAC
Dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayında yenidən artım müşahidə edilməkdədir. Təəssüf ki, virus səbəbindən ölüm hallarında da artım qeydə alınır. Nəticədə bəzi ölkələr yenidən sərt karantin rejimi və qapanmalara getməyə məcbur olur. Ölkəmizdə də koronavirusla əlaqədar müşahidə olunan mənfi tendensiya sərt karantin rejiminin tətbiqi məsələsini gündəmə gətirə bilər. Məhdudiyyətlərin yenidən tətbiq edilməməsi optimal hal olardı. Təkrar olaraq qapanmalara gedilməsi ilə bağlı qərarın verilməsini heç kim istəməz. Çünki bu, həm də ölkə iqtisadiyyatına zərərdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri politoloq Zaur Məmmədov söyləyib.
Zaur Məmmədov deyib: “Bir müddət əvvəl sanitar epidemioloji şərait nəzərə alınmaqla bəzi məhdudiyyətlərin mərhələli şəkildə ləğvi ilə bağlı qərar verildi. Əslində, bundan sonra yoluxma sayında artımın olacağı gözlənilən idi. Bir aydan çoxdur ki, ölkəmizdə COVID-19-la əlaqədar mənfi tendensiya müşahidə olunur. Bir neçə ay əvvəl yoluxma sayı xeyli azalsa da, iyunun sonlarından etibarən günbəgün artan rəqəmlər artıq 2 mini ötüb. Hazırkı şərait onu deməyə əsas verir ki, əgər yoluxma sayı kəskin şəkildə artarsa, xəstəxanalar dolarsa, yenidən qapanmaların olması qaçılmazdır. Əlbəttə, bunu heç kim istəməz. Bütün bunlar hər zaman olduğu kimi, yenə də vətəndaşların məsuliyyətindən və qaydalara necə yanaşmasından asılıdır.
Yoluxma hallarının kəskin artımının qarşısını almaq, sərt karantin rejiminin tətbiq edilməməsi üçün profilaktik qaydalara əməl edilməsi ilə yanaşı, vaksinasiyada fəal iştirak da önəmlidir. Vaksinasiyadan keçən vətəndaşların sayı çox olsa da, hələlik müəyyənləşdirilən hədəfə çatmamışıq. Peyvəndlənən vətəndaşların da virusa yoluxacağı halda xəstəliyi yüngül və ya simptomsuz keçirəcəyini nəzərə alaraq, onların da hər kəs kimi profilaktik tədbirlərə əməl etməsi vacibdir.