Zəfər Gününə həsr olunan “Zəfər talks” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
Bakı, 7 noyabr, AZƏRTAC
Vətən müharibəsinin şanlı Qələbəsinə - Zəfər Gününə həsr olunan “Zəfər talks” layihəsi çərçivəsində gəclərlə görüş keçirilib. Layihənin məqsədi gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, Qarabağ Zəfərini qeyd etmək və gəncləri maraqlandıran suallara cavab tapmaqdır.
AZƏRTAC xəbər verir ki, layihə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı və Azərbaycan Hərb Tarixi Muzeyinin dəstəyi ilə həyata keçirilib. Tədbirin əvvəlində qonaqlar üçün Azərbaycan Hərb Tarixi Muzeyində ekskursiya təşkil olunub və muzey haqqında qısa film nümayiş etdirilib.
Tədbirin açılış nitqini Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qəni-zadə, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik Tərbiyəsi sektorunun məsləhətçisi Elşən Hüseynov və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Əli Abdullazadə edib.
Daha sonra müharibə veteranı, keçmiş Kəlbəcər tabor komandiri Balay Nəsibov, Mətbuat Şurası İdarə heyətinin üzvü, “Azxəbər” saytının baş redaktoru Hacıbəy Heydərli, Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı - baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, Vətən müharibəsi iştirakçısı Murad Ağayev ilə Zəfər Gününün mahiyyəti, Vətən müharibəsi, informasiya müharibəsi, bu sahədə öz həyat təcrübələri və digər mövzularda müzakirə aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallara cavab veriblər.