“Zəfər” yarmarkasında Zəfər Günü xüsusi qeyd olunub
Bakı, 9 noyabr, AZƏRTAC
“YAŞAT" Fondunun "Zəfər" yarmarkasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, öncə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin ifasında bir sıra mahnılar səsləndirilib.
Sonra Dənizkənarı Bulvar ərazisində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışı yayımlanıb. Eyni zamanda, Türkiyədə "YAŞAT" Fondu tərəfindən müalicəsi davam etdirilən qazilərimizlə canlı bağlantı təşkil edilib.
Yarmarka ərazisində Zəfər Günü xüsusi çoşqu, sevinc hissi ilə qarşılanıb.
Günün sonunda Azərbaycan Respublikasının Xalq və Əməkdar artistlərinin, tanınmış estrada ulduzlarının iştirakı ilə konsert proqramı baş tutub.