“ZəfərFest” yaradıcılıq festival-sərgisi keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “ZəfərFest” yaradıcılıq festival-sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, festival-sərginin məqsədi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində Zəfər yürüşü, şanlı Qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsidir. Eyni zamanda, ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan Zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasıdır.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Rüstəm Ağayev, Elnur Nəsibov, Nigar Bağırlı, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov, müəllimlər, şagirdlər iştirak ediblər.
Tədbir iştirakçıları Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin yetirmələrinin Zəfər Günü ilə bağlı hazırladıqları 70-ə yaxın rəsm və əl işindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bədii hissədə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivlərinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin və Bülbül adına orta ixtisas musiqi məktəbinin kollektivlərinin, ümumilikdə 300-ə yaxın məktəblinin iştirakı ilə Zəfər Gününə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.