ZƏNCƏFİL VƏ BİBƏR XƏRÇƏNGİN AĞIR FORMALARININ İNKİŞAFINI DAYANDIRA BİLƏR
Miçiqan Universiteti əməkdaşlarının apardıqları tədqiqatda bədxassəli hüceyrələrin yetişdirilmiş in vitro koloniyalarından istifadə olunmuşdur. Laboratoriya eksperimenti şəraiti bədxassəli şişin xəstənin orqanizmində inkişafının real prosesindən əhəmiyyətli dərəcədə fərqlənsə də, alimlərin fikrincə, onların əldə etdikləri nəticələr çox ümidvericidir.
Yumurtalığın bədxassəli şişləri hüceyrələrinin süni surətdə yaradılan koloniyalarına zəncəfil tozunun qarışığı (suspenziya) ilə təsir göstərilmişdir. Qarışığın təsiri nəticəsində xərçəng hüceyrələrinin özünü məhvetmə prosesinin iki müxtəlif tipi – apoptoz və autofagiya (“özünüyemə”) fəallaşmağa başlamışdır.
Tədqiqat layihəsinin əlaqələndiricisi doktor Rebekka Lyu deyir: “Yumurtalıq xərçəngi xəstələrinin əksəriyyəti residivlərdən əziyyət çəkir. Bu zaman xəstəlik standart kimyəvi terapiyaya getdikcə davamlı (rezistent) hal alır. Bu isə bədxassəli hüceyrələrin apoptoza müqavimət göstərmək qabiliyyəti ilə bağlıdır. Zəncəfil xərçəng hüceyrələrinin təkcə apoptozuna deyil, həm də autofagiyasına səbəb olduğuna görə, şişlərin kimyəvi terapiyaya rezistentliyini aradan qaldırmağa qadir ola bilər”.
İkinci tədqiqatın müəllifləri müəyyənləşdirmişlər ki, kapsaisin – acı bibərin kəskin tamını təmin edən maddə mədəaltı vəzinin xərçəng şişi hüceyrələrində apoptoz prosesini sağlam hüceyrələrə toxunmadan stimullaşdırmağa qadirdir.
Pittsburq Universitetinin alimləri laboratoriya siçanları üzərində təcrübə apararaq, onlara qida əvəzinə yüksəkdozalı kapsaisin vermişlər. Pittsburqlu tədqiqatçılar bədxassəli hüceyrələrin in vitro koloniyaları ilə ötən il apardıqları eksperimentlər zamanı da bu cür qənaətə gəlmişlər. Martda bir qrup Los-Anceles alimi müəyyən etmişdir ki, kapsaisin prostat vəzinin xərçəngi zamanı bədxassəli hüceyrələrdə özünü məhvetmə proseslərini hərəkətə gətirməyə qadirdir.
Bundan başqa, bir sıra digər tədqiqatlar zamanı məlum olmuşdur ki, kurkuma, hind mətbəxində geniş istifadə edilən ədviyyə ağciyərin və süd vəzisinin xərçəngini dayandıra bilir.
Bütün bunlarla yanaşı, ekspertlər bildirirlər ki, heyvanlar üzərində sınaqların gedişində müsbət nəticələr verən bir çox maddələr adamların müalicəsi zamanı xeyli az səmərəlidir.