Zəngilanda aparılan quruculuq işləri – Zəfərdən əmələ...
Bakı, 5 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilana hər səfəri biz zəngilanlılar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Bu gün rayonumuzda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır.
Zəngilan Konqres Mərkəzinin, “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq, inzibati binanın və hotel kompleksinin, Zəngilan Mərkəzi Xəstəxanasının təməlinin qoyulması göstərir ki, rayon sakinləri və ora səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib. O bildirib ki, bu layihələrin təməlinin qoyulması Zəngilana yeni həyatın gətirilməsi deməkdir. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti çox böyükdür. Zəngilan Konqres Mərkəzinin tikintisi dövlətimizin dostluq rəmzini göstərir. Konqres Mərkəzi beynəlxalq konfransların, tədbirlərin təşkili zamanı da öz böyük töhfəsini verəcək. Bütün bunlar Zəngəzurun mədəniyyətlərarası ünsiyyətini genişləndirəcək.
“Prezident İlham Əliyevin Zəngilana səfəri təkcə bu rayon üçün deyil, bütün Şərqi-Zəngəzur üçün böyük əhəmiyyət kəsb edir. “Ağıllı kənd” ilə başlanğıcı qoyulan, bu gün isə Cahangirbəyli kəndinin təməlinin qoyulması Böyük Qayıdışımızı reallığa çevirəcək. Prezident İlham Əliyevin Zəngilana səfərləri ilə bu rayon özünün yeni inkişaf mərhələsinə başlayır. Proseslərin gedişatı göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaqlar. Bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var. Xalqımız, eləcə də bütün dünya bu ərazilərdə böyük sürətlə aparılan misilsiz yeniliklərin şahididir. Yolların çəkilişi, aeroportların tikintisi, kənd və şəhərlərin bərpası, yeni və müasir texnologiyaların, innovasiyaların tətbiqi, “ağıllı” şəhərlərin və kəndlərin salınması, kənd təsərrüfatının qurulması onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizin yeni siması heyrətamiz olacaq”, - deyə T.Şükürlü fikirlərini yekunlaşdırıb.