ZƏNGİLANLILAR DÖVLƏT SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ BUNDAN SONRA DA FƏAL İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Zəngilan Rayon İcra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar birgə elmi-praktiki konfrans keçirmişlər.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Vəli Quliyevin “Heydər Əliyev milli iftixarımızdır”, YAP rayon təşkilatının sədri Əsəd Hüseynovun “Müasir dövlətçiliyimizin banisi” mövzusunda məruzələri dinlənilmişdir.
Vurğulanmışdır ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev bütün mənalı ömrünü doğma Vətənin, xalqının xoşbəxtliyinə həsr etmişdir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi otuz ildən artıq müddətdə ölkə həyatının bütün sahələrinin inkişafı üçün təsirli tədbirlər görmüşdür. Ümummilli lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, iqtisadiyyatının çiçəklənməsinə yönəlmiş siyasətin reallaşdırılmasına rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da öz töhfəsini vermişdir. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP ölkəmizin siyasi-iqtisadi həyatında indi də fəal rol oynayır.
Konfransda çıxış edənlər vurğulamışlar ki, zəngilanlılar, rayon təşkilatının üzvləri bundan sonra da ölkəmizin Prezidenti, partiyanın sədri İlham Əliyev tərəfindən müəyyənləşdirilən dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edəcəklər. Bəyan etmişlər ki, qarşıdakı prezident seçkilərində Azərbaycanın gələcəyinin qarantı Prezident İlham Əliyevə alternativ görmürlər və yalnız ona səs verəcəklər.