REGİONLAR
Zərdabda çiyid əkini üçün 487 istehsalçı ilə müqavilə bağlanıb
Zərdab, 15 aprel, AZƏRTAC
Zərdab rayonunda çiyid səpini kampaniyasına uğurla başlanıb və qısa vaxtda 400 hektaradək sahədə əkin aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 487 nəfər istehsalçı ilə bağlanan müqaviləyə əsasən 2255 hektarda çiyid səpini aparılacaq. Hər yerdə, xüsusilə Bəyimli qəsəbə, Körpükənd, İsabağı, Bıçaqçı və bir sıra digər ərazi vahidlərində səpinə mütəşəkkil hazırlıqla başlanılıb.
İlk günlərdən sahələrə 20-dən çox səpin aqreqatı, bir o qədər də malaçəkən traktor çıxarılır. Hər yerdə əkinin yüksək aqrotexniki tələblər səviyyəsində aparılması və aprelin sonunadək başa çatdırılması üçün ciddi səy göstərilir.