ZƏRDABDA DAHA BİR SU NASOS STANSİYASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Zərdab rayonunun Bıçaqçı kəndində sayca 3-cü su nasos stansiyası istifadəyə verilmişdir.
Bununla da kəndin suvarma suyuna ehtiyacı tam ödənmişdir. Nasos stansiyası 300 hektara yaxın həyətyanı və əkin sahəsini suvarma suyu ilə təmin edəcəkdir. Stansiya fasiləsiz elektrik enerjisi ilə təchiz olunur. Əkin sahələrinin normal suvarılması üçün təxminən 15 kilometr uzunluğunda kanal da lildən və palçıqdan təmizlənmişdir.
Stansiyasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə rayon suvarma sistemləri idarəsinin rəisi Soltan Sadıqov son illərdə kəndlərdə təxminən 30 su nasos stansiyasının qurulduğunu, digərlərinin isə daha güclüləri ilə əvəz olunduğunu bildirmişdir. Eləcə də 300 kilometr uzunluğunda kanal, 350 kilometr uzunluqda arx təmizlənmiş, hidrotexniki qurğular işlək vəziyyətə gətirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev suvarma sisteminin təkmilləşdirilməsinin kənd təsərrüfatı məhsulları istehsalına müsbət təsir göstərdiyini, bu il sahələrdən 40 min tondan artıq taxıl götürüldüyünü bildirmişdir. Əvvəlki illərdə sahələrdən ildə 2-3 dəfə yonca biçildiyi halda, indi suvarmanın hesabına artıq sahələr 5 dəfə biçilir.