Zərdabda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib
Zərdab, 28 noyabr, AZƏRTAC
Zərdab rayon Polis şöbəsinin təşkilatçılığı ilə İsaqbağı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji işçiləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə çıxış edən polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev əsrin bəlası olan narkomaniyanın millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini qeyd edərək, narkotik vasitələrdən istifadə edən şəxslərin ailəsini, iş qabiliyyətini, əmlakını, sağlamlığını və nəhayət, həyatını itirdiyini diqqətə çatdırıb. Polis rəisi bildirib ki, bu maddələrin aludəçisi olan şəxslər psixoloji sarsıntılara məruz qalır, onlarda yaddaş və təfəkkür problemləri yaranır, eləcə də ətrafda baş verən proseslərə qarşı laqeyd olurlar. Buna görə də narkomaniyanın qarşısının alınmasında hər bir vətəndaş fəal olmalı, bu maddələrin yayılmasına qarşı birgə mübarizə aparılmalıdır.
Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.