CƏMİYYƏT
Nizami rayonunda “Milli Ön” terminalından oğurluq edən şəxs saxlanılıb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılması və oradan 1059 manat məbləğində pulun oğurlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat dərhal ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə ötürülüb.
Bölmənin əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini Kamran Kərimov saxlanılıb. O, istintaqa ifadəsində üzərində gəzdirdiyi balta ilə gecə saatlarında həmin aparatı sındırdığını və oradakı pulları taladığını bildirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.