Tərtərli məktəblilər maarifləndirici tur-aksiyaya qoşulublar VİDEO
Tərtər, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Tərtər rayonunun məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 14-də Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, ölkəmizdə gənc nəslin inkişafı üçün yaradılan şəraitdən, gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb. Respublikamızın hər bir bölgəsinin özünəməxsus xüsusiyyətlərinin, təbiətinin, tarixi abidələrinin, adət-ənənələrinin, kulinariyasının olduğunu vurğulayaraq, tur-aksiya iştirakçılarına getdikləri yerlər haqqında geniş məlumatlar əldə etməyi arzulayıb.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Martın 15-də Tərtər şəhərinin mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin işçiləri və valideynlər məktəblilərə tövsiyələrini veriblər.
Yolasalma mərasimində bildirilib ki, məktəbliləri dörd gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonlarında çox maraqlı ekskursiyalar gözləyir. Onlar Şəki şəhərində Dövlət Tarix-Memarlıq Qoruğu, Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi, sənətkarlar məhəlləsi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaqlar. Tur çərçivəsində məktəblilər Zaqatalada Tarix-Mədəniyyət Qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, fındıq emalı zavoduna, Qəbələdə isə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, “Qəbələnd” istirahət mərkəzinə, “Beltmann” piano zavoduna, “Tufandağ” Xizəkçilik Kompleksinə və Qəbələ Konserv Zavoduna səfər edəcəklər. Həmçinin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, Yengicə kəndindəki “Zoopark”a udinlərin yaşadığı Nic kəndinə gedəcəklər. Səfər çərçivəsində intellektual oyunlar, musiqili-əyləncəli proqramlar da təşkil olunacaq.
Qrupun rəhbəri Zabil Paşayev AZƏRTAC-a müsahibəsində deyib: “Gözəl təbiəti, özünəməxsus adət-ənənələri, turizm iqtisadiyyatı, multikulturalizm ənənələri ilə tanınan bu bölgəyə səfər şagirdlərdə yüksək təəssürat yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. İnanıram ki, məktəblilər səfərdən xoş xatirələrlə qayıdacaqlar”.
Seydimli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Nemət Əhmədzadə tur-aksiyada iştirak etdiyinə görə çox sevindiyini bildirib: “Əvvəlki illərdə tur-aksiyada iştirak edən şagirdlərin səfərlə bağlı təəssüratlarını maraqla dinləyirdim və aksiyada iştirak etməyi arzulayırdım. Bu gün artıq mən də tur-aksiya iştirakçısıyam. Şəki, Zaqatala və Qəbələ rayonlarını gəzəcəyimə, oranın füsunkar təbiətini seyr edəcəyimə görə sevinirəm. İnanıram ki, səfərimiz maraqlı və mənalı olacaq”.
Tərtər şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Əzizə Qasımova isə fikirlərini belə ifadə edib: “Çox şadam ki, bu layihədə iştirak edirəm. Qəbələdə olsam da, Şəki və Zaqatalaya ilk dəfədir gedirəm. Bu bölgələri tanıyacam, görməli yerlərini, tarixi abidələrini gəzəcəm. Bunun üçün çox sevinirəm. Bizə yaradılan bu şəraitə görə tur-aksiyanın təşəbbüskarı olan dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşüblər.