İrandan Azərbaycana gizli yollarla narkotik vasitə keçirən şəxslər saxlanılıblar VİDEO
Bakı, 27 mart, AZƏRTAC
İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkarlanaraq götürülüb.
Ç.Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıblar. A.Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, dəstənin üzvü olan Ç.Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhədini keçərək İran İslam Respublikasına gedib. Ç.Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək bir kiloqrama yaxın heroini satmaq məqsədilə Azərbaycana aparmaq barədə razılığa gəlib. Bu məqsədlə heroin Ç.Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib. Narkotik maddənin satışının E.Tağıyev və A.Dadaşov tərəfindən təşkili planlaşdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.