Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir
Brüssel, 12 iyun, AZƏRTAC
Sakit okeanda formalaşan El-Ninyo iqlim fenomeni rekord gücə çata bilər. Mütəxəssislərin qiymətləndirməsinə görə, hadisə 1997-ci ildə qeydə alınmış güclü El-Ninyo ilə müqayisə oluna və hətta onu üstələyə bilər.
AZƏRTAC xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin məlumatına görə, El-Ninyonun müşahidələr tarixində ən güclü hadisələrdən birinə çevrilməsi ehtimalı 63 faiz təşkil edir.
Alimlər bildirirlər ki, El-Ninyo qlobal istiləşmənin təsirlərini gücləndirərək anomal istilər, quraqlıqlar, daşqınlar və meşə yanğınları kimi ekstremal hava hadisələrinin artmasına səbəb olur. BMT öz sənədlərində baş verənləri “təcili iqlim xəbərdarlığı” adlandıraraq vurğulayıb ki, El-Ninyonun təsiri iqlim dəyişikliklərinin yaratdığı problemləri daha da dərinləşdirir.
Mütəxəssislərin fikrincə, fenomenin təsirləri regionlar üzrə fərqli olacaq. Cənubi Amerikada güclü yağışlar və daşqınlar gözlənildiyi halda, Avstraliyada quraqlıq və meşə yanğınları riskinin artacağı proqnozlaşdırılır. Hindistanda isə istilik dalğalarının daha da güclənəcəyi bildirilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, El-Ninyonun pik mərhələsi artıq bu ilin payız və ya qış aylarında baş verə bilər. Onların sözlərinə görə, hadisənin nəticələri yalnız hava şəraitinə deyil, həm də qlobal iqtisadiyyata təsir göstərə bilər.
Alimlər ölkələri və cəmiyyətləri hava anomaliyalarının güclənməsinə hazır olmağa çağırırlar. Onların qənaətincə, mümkün “super El-Ninyo” son onilliklərin ən dağıdıcı iqlim hadisələrindən birinə çevrilə bilər.
El-Ninyo ekvator yaxınlığında, Sakit okeanın mərkəzi və şərq hissələrində səth sularının anomal istiləşməsi ilə xarakterizə olunan iqlim hadisəsidir. Bu proses atmosfer və okean dövriyyəsini dəyişdirərək dünyanın müxtəlif bölgələrində hava şəraitinə və iqlimə ciddi təsir göstərir.