Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır
Bakı, 12 iyun, AZƏRTAC
Ulu Öndərin yaratdığı milli dövlətçilik konsepsiyası böyük siyasi potensiala malik olmaqla yanaşı, həm də xalqın və dövlətin uzunmüddətli strateji maraqlarına əsaslanır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin iyunun 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Bu gün biz keçdiyimiz yola nəzər salaraq inamla söyləyə bilərik ki, 1993-cü ildən və sonrakı dövrdə Ulu Öndərin həyata keçirdiyi milli qurtuluş missiyası ilə müasir Azərbaycanın nailiyyətləri arasında birbaşa əlaqə var”, - deyə Milli Məclisin sədri əlavə edib.
Milli Qurtuluş Gününün təkcə tarixin bir anı olmadığını diqqətə çatdıran S.Qafarova bu günün müstəqillik və dövlətçilik ideyalarının təntənəsi, gələcək nəsillər qarşısında məsuliyyət hissinin təcəssümü, xalq ilə dövlətin birliyinin rəmzi olduğunu bildirib.