Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb
Zəngilan, 12 iyun, AZƏRTAC
Azad edilmiş ərazilərdə aqrar fəaliyyətin genişləndirilməsi istiqamətində görülən işlər nəticəsində cari təsərrüfat ilində 49,9 min hektar sahədə taxıl əkini aparılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib. Nazirin sözlərinə görə, son 5 il ərzində Kəlbəcər və Laçın yaylaqlarına 1,3 milyon baş heyvan və 590 min arı ailəsinin köçürülməsi təmin edilib.
Məcnun Məmmədov qeyd edib ki, həmin dövrdə 1 745 hektar yeni meyvə bağlarının salınması, 120 min hektardan çox sahədə aqrokimyəvi analizlərin aparılması və 32 min hektardan artıq ərazidə bitki mühafizə tədbirlərinin görülməsi təmin olunub. O bildirib ki, 136 min başdan çox heyvanın peyvənd edilməsi bölgədə epizootik sabitliyin qorunmasına xidmət edir.
Nazirin sözlərinə görə, həyata keçirilən tədbirlər azad edilmiş ərazilərdə aqrar istehsalın bərpası və davamlı inkişafı üçün möhkəm baza yaradır.