Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq
Zəngilan, 12 iyun, AZƏRTAC
Azərbaycanda torpaq və su resurslarından səmərəli istifadənin genişləndirilməsi məqsədilə yeni layihələrin icrası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində müasir suvarma sistemləri tətbiq olunan sahələrin həcmi 130 min hektardan 300 min hektara çatdırılacaq.
O qeyd edib ki, Qəbələ və Salyan rayonlarında 20 min hektar ərazidə torpaq konsolidasiyası üzrə pilot layihənin həyata keçirilməsi, aqrokimyəvi xəritələşdirmənin aparılması və 11 dövlət laboratoriyasının texniki cəhətdən modernləşdirilməsi planlaşdırılır.
Məcnun Məmmədov bildirib ki, proqram balıqçılıq və akvakultura sahələrinin inkişafı üçün də yeni imkanlar yaradacaq.
“Balıqçılıq məhsullarının istehsalının 7,7 min tona çatdırılması, bu sahədə ilk dəfə subsidiya və dövlət güzəştlərinin tətbiqi, yeni balıqartırma təsərrüfatlarının yaradılması və akvakultura aqroparkının təşkili nəzərdə tutulur”, – deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, bu tədbirlər kənd təsərrüfatında resurslardan istifadənin səmərəliliyini artırmaqla yanaşı, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq.