On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb
Ağdaş, 12 iyun, AZƏRTAC
Son 10 ildə Ağdaş rayonunda kənd təsərrüfatı sahəsində məhsul istehsalı davamlı artım dinamikası ilə inkişaf edib. Kənd təsərrüfatının ümumi məhsulunun həcmi faktiki qiymətlərlə 2025-ci ildə 2015-ci illə nisbətdə 217 faiz artıb. Bu dövrdə heyvandarlıq məhsullarının istehsalı 240 faiz, bitkiçilik məhsullarının istehsalı isə 93,1 faiz artıb. Məhsul istehsalındakı artım, əsasən bağçılıq, taxılçılıq, çəltikçilik və tərəvəzçilik, xüsusilə də örtülü torpaqlarda tərəvəz istehsalı sahələrində müşahidə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağdaşda keçirilən regional müşavirədə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.
O qeyd edib ki, son 10 ildə meyvə və giləmeyvə bağlarının əkin sahəsi 85,8 faiz və yaxud 2 219,3 hektar, yığılmış məhsul isə 93,2 faiz və yaxud 22 681,2 ton artıb. Bu dövrdə çəltik bitkisinin əkin sahəsində və istehsal olunmuş məhsulda da artım olub. 2015-ci ildə rayon üzrə 680 hektar sahədə çəltik əkildiyi halda, 2025-ci ildə bu göstərici 1 306 hektara çatıb, istehsal həcmi isə 300 faiz artaraq 2 875,5 ton təşkil edib. Ölkə üzrə düyü ilə özünütəminetmə səviyyəsinin 28 faiz olduğunu nəzərə alsaq, bu sahənin inkişaf etdirilməsinin nə qədər mühüm önəm daşıdığı aydın görünür. 2015-ci illə müqayisədə taxıl istehsalında da artım müşahidə olunub. Belə ki, 2015-ci illə müqayisədə buğda istehsalı 97,4 faiz və yaxud 5 808 ton, arpa istehsalı isə 32,1 faiz və yaxud 8 187,9 ton artıb. Örtülü torpaqlarda tərəvəz istehsalının həcmi son 10 ildə 10 dəfədən çox artıb.
“Əldə olunmuş inkişaf Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına, kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən çəltikçilik, baramaçılıq, bağçılıq və ərzaq təhlükəsizliyinə dair dövlət proqramlarının, eləcə də digər dövlət proqramlarının uğurlu icrası nəticəsində mümkün olunub”, - deyə Orxan Hüseynzadə əlavə edib.
Müxbir – Rəşad Türkoğlu