İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir
Bakı, 12 iyun, AZƏRTAC
Xüsusi icra institutu ölkəmizdə mərhələli tətbiq edilir. Hazırda elan olunmuş imtahan Bakı, Sumqayıt və Abşeron üzrə fəaliyyət göstərmək istəyən şəxsləri əhatə edir. Növbəti mərhələlərdə müxtəlif Apellyasiya məhkəmələrinin yurisdiksiyaları üzrə inzibati ərazi vahidlərində də fəaliyyət göstərmək istəyən icra məmurları üçün müsabiqələr elan olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov deyib.
O bildirib ki, xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə bağlı keçirilən test imtahanında 100 namizəd qeydiyyatdan keçib. Bu gün imtahanda 94 namizəd iştirak edir: “Test mərhələsinin imtahanı 3 saat davam edəcək. Namizədlərə 100 sual təqdim olunur. Bu sualların 60-ı onların icra sahəsindəki qanunvericilik biliklərini ölçür, digər 40 sual isə məntiqi mühakiməni, ünsiyyət bacarıqlarını və ümumi dünyagörüşünü ölçür. Qanunvericiliklə bağlı suallar 1, digər suallar isə 0,5 balla qiymətləndirilir və yekunda namizəd maksimum 80 bal toplaya bilər. 55 və daha yuxarı bal toplayan namizədlər müsabiqə mərhələsinin test mərhələsini keçmiş olacaqlar və müsahibə mərhələsinə buraxılacaqlar. Müsahibədə isə həmin namizədlərə qeyd etdiyimiz istiqamətlər üzrə 5 şifahi sual verilir, hər biri 5 bal qiymətləndirilir və ümumilikdə namizəd 25 bal toplaya bilər. 15 və daha yuxarı bal toplayan namizədlər müsahibə mərhələsini də keçmiş olacaqlar. Hər iki mərhələnin yekunlarına görə, namizədlər topladıqları balların sıralamasına uyğun olaraq düzülür və daha yuxarı bal toplayan namizədlər vakansiya sayına uyğun olaraq icbari təlimə cəlb olunurlar. İcbari təlim azı 3 ay davam edir. İcbari təlimdən sonra isə onlar hazırda fəaliyyətdə olan icra məmurlarının yanında staj keçirlər. Bundan sonra məhkəmə qərarını icra etmək qabiliyyətləri tam formalaşır və Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamə verilməklə qərarların icrasına buraxılırlar. Müsabiqənin hər iki mərhələsindən keçən, ancaq vakansiya sayına uyğun olaraq daha aşağı pillədə yer tutan namizədlər ehtiyat kadr siyahısına daxil olunur və iki il müddətində həmin siyahıda qalırlar. Növbəti dəfə vakansiyalar elan olunarkən, qeyd etdiyimiz mərhələlərdən azad olaraq birbaşa icbari təlimlərə cəlb edilirlər”.