Aqrar sektorda rəqəmsallaşma genişlənir və sığorta sistemi gücləndirilir
Zəngilan, 12 iyun, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatında rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və aqrar sığorta mexanizminin genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirədə bildirib.
Nazirin sözlərinə görə, Dövlət Proqramı çərçivəsində aqrar sığorta ilə əhatə olunan əkin sahələrinin 1 milyon hektara çatdırılması planlaşdırılır.
Məcnun Məmmədov qeyd edib ki, sığortalanmış heyvanların sayının 100 min başa yüksəldilməsi və aqrar sığorta mexanizmlərinin daha geniş tətbiqi nəzərdə tutulur.
“Eyni zamanda, aqrar dövlət dəstəyi xidmətlərinin 100 faiz rəqəmsal formada təqdim olunması kənd təsərrüfatında şəffaflığın və operativliyin artırılmasına xidmət edəcək”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, rəqəmsallaşma aqrar sahədə idarəetməni sadələşdirəcək, fermerlərin dövlət xidmətlərinə çıxış imkanlarını genişləndirəcək və qərarverməni daha çevik edəcək.