Salyanda Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolu yenidən qurulur VİDEO
Bakı, 30 aprel, AZƏRTAC
Salyan rayonunda 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 13,1 kilometr olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolu yenidən qurulur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 11 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişindaşımasını asanlaşdırmaqdır.
Yolboyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. Tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 11 min kubmetr həcmdə 10 metrə qədər genişləndirilir. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Tikinti layihəsinə uyğun olaraq hazırda 900 kubmetr ölçüdə yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq, yolboyu 52 min kvadratmetr sahədə çiyin hissələrin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür.
Növbəti mərhələdə 131 min kvadratmetr həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılacaq. Yolun 79 min kvadratmetr sahəsinə standartlara cavab verən yüksəkkeyfiyyətli asfalt-beton örtüyü döşənəcək.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə isə yolboyu 72 poqonmetr 300 millimetr diametrli dəmir, 84 poqonmetr 500 millimetr, 60 poqonmetr 750 millimetr və 60 poqonmetr 1000 millimetr diametrli dəmir-beton boruların quraşdırılması nəzərdə tutulub.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 5 ədəd avtobus dayanacağının tikintisi, 13 ədəd kilometr göstəricinin, 93 ədəd yol nişanı və məlumatverici lövhələrin, 285 ədəd siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.
Tikinti işlərinin payız aylarında yekunlaşdırlması nəzərdə tutulub.