İQTİSADİYYAT
"Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Beynəlxalq Assosiasiyası çərçivəsində müqavilə imzalanıb VİDEO
Bakı, 8 may, Elvin Camalov, AZƏRTAC
Mayın 8-də Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasının üzvlərinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin rəhbəri Kanat Alpısbayev “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” ilə daşınan yüklər barədə məlumat verib. Bildirib ki, 2018-ci ilin birinci rübündə “Trans-Xəzər Nəqliyyat Marşrutu” (TXNM) ilə Çindən Avropaya daşınan yüklərin həcmi 5,2 dəfə artıb. Bu ilin yanvar-mart aylarında TXNM-lə ümumilikdə 302 min ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz artım deməkdir.
K.Alpısbayev qeyd edib ki, Bakı-Aktau-Bakı marşrutu ilə bu il konteyner daşımalarının həcmi 15 min TEU planlaşdırılıb. 3 ay ərzində konteyner daşımaların həcmi 3750 TEU planlaşdırılsa da 866 TEU olub. Marşrutun real potensialı 1 milyon tondur.
Daha sonra “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyası çərçivəsində müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqavilə “Qazaxıstan Dəmir Yolları” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” şirkəti, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Batumi Dəniz Limanı, Türkiyə Dövlət Dəmir Yolları, Ukrayna Dəmir Yolları arasında imzalanıb.
Müqaviləyə əsasən taxıl və kömürün daşınmasında vahid tariflər barədə razılığa gəlinib və təsdiqlənib. Həmçinin “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” Beynəlxalq Assosiasiyasına iki yeni üzv qəbul olunub. Üzvlər Gürcüstanın “Anaklai Devolopment Consortium” və Qazaxıstanın “HMSK Kozmortransflot” şirkətləridir. Üzvlərin qəbulu protokollarla təsdiqlənib.