REGİONLAR
Fermerlərə pestisidlərdən səmərəli istifadə üsulları öyrədilir VİDEO
Quba, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Qubada fermerlər üçün meyvə bağlarında “Zərərverən orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri” mövzusunda təlimlər keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər nazirliyin həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil edilib. Layihənin icrası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Təlimlərdə fermerlərə pestisidlərdən səmərəli istifadə etmək, hektara düşən "pestisid yükünü" azaltmaq öyrədilir. Bu biliklər sağlam və təhlükəsiz, rəqabətqabiliyyətli məhsul əldə etməklə yanaşı, ətraf mühitin çirklənməsini minimuma endirməyə, mövcud ekoloji problemləri aradan qaldırmağa zəmin yaradacaq.
Təlim zamanı ekspertlər “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bitki sağlamlığı və fitosanitar sistemin inkişaf etdirilməsi istiqamətində görülən işlər”, “Standart becərmə və mübarizə tədbirləri: total qırıcı tədbirlər”, “Alma bitkisinin xəstəlik və zərərvericiləri” mövzularında məruzələrlə çıxış ediblər.
Bildirilib ki, yeni mübarizə üsulları ilə zərərvericilərin tamamilə məhv edilməsi deyil, onların idarə edilməsi, yəni miqdarının iqtisadi cəhətdən ziyan verə biləcəyi həddən aşağı səviyyədə saxlanması nəzərdə tutulur. Mümkün qədər qeyri-kimyəvi mübarizə tədbirləri həyata keçirmək, məcbur olduqda isə ətraf mühit, insanlar və faydalı orqanizmlər üçün təhlükəsiz kimyəvi preparatlar seçmək müasir kənd təsərrüfatının zərərvericilərlə mübarizə üsuludur.
Zərərvericilərə qarşı inteqrir mübarizə üsulları üzrə təlimlər əvvəlcədən müəyyən edilmiş 3 bitki üzrə keçirilir. Quba ilə yanaşı, Gəncə şəhərində də kartof və qarğıdalı bitkiləri üzrə zərərverici orqanizmlərə qarşı mübarizə təlimləri aparılır.