117 saylı Oğuz-Qəbələ seçki dairəsinin məntəqələrində səsvermənin gedişini 748 müşahidəçi izləyəcək
Oğuz, 6 fevral, Mustafa Dadaşov, AZƏRTAC
117 saylı Oğuz-Qəbələ seçki dairəsində fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıq işləri başa çatdırılıb, seçki məntəqələri səsverməyə tam hazır vəziyyətə gətirilib.
Dairə seçki komissiyasının sədri Rəsul Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu dairədə parlamentə yeganə mandat uğrunda 8 iddiaçı mübarizə aparır. Onlardan bir nəfəri siyasi partiyanı təmsil edir. Yeddi nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Seçkilərin gedişini izləmək üçün 748 yerli müşahidəçi qeydiyyatdan keçib.
Dairənin tərkibinə daxil olan 61 seçki məntəqəsinin 37-si Oğuzda, 24-ü isə Qəbələ rayonu ərazisində yerləşir. Səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün seçki məntəqələri lazımi texniki avadanlıq və vasitələrlə təchiz edilib. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 47 min 175 nəfərdir. Onlardan 64 nəfəri ilk dəfə səs verəcək.
Seçicilərə səsvermənin keçirilmə vaxtı və yeri barədə bildirişlərin paylanılması işi tam başa çatdırılıb.