Qubalı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanıblar VİDEO
Quba, 3 aprel, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Qubada da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 3-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Quba rayon şöbəsinin rəisi Anar Kazımov, müharibə veteranları və valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.
Çıxış edənlər bildiriblər ki, üçüncü ildönümü qeyd olunan Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin gec-tez bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, gec-tez ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa edəcək.
Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.
Musiqili proqramla davam edən mərasimdən sonra çağırışçı gənclər böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.