REGİONLAR
Lənkəranda ilin əvvəlindən bəri Xəzər dənizinə 120 milyon körpə balıq buraxılıb - REPORTAJ VİDEO
Lənkəran, 3 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Ölkə sularında balıq ehtiyatlarının azalmasının qarşısını almağa xidmət edən müəssisələrdən biri də Lənkəranda fəaliyyət göstərən Kiçik Qızılağac Balıqartırma təsərrüfatıdır. Uzun illərdir fəaliyyət göstərən müəssisə Xəzər dənizinə ilin əvvəlindən bəri təbii və süni yolla yetişdirdiyi 120 milyon körpə balıq buraxıb.
AZƏRTAC xəbər verir ki, 1956-cı ildən fəaliyyətə başlayan Lənkərandakı Kiçik Qızılağac Balıqartırma təsərrüfatı uzun illər yalnız təbii balıq artırma ilə məşğul olub. Kütüm balıqlarının süni yolla çoxaldılmasına isə 1980-ci ildən başlanılıb. Müəssisənin yaradılmasında əsas məqsəd balıq ehtiyatlarının azalmasının qarşısının alınmasıdır.
Mütəxəssis Elmar Yusubov deyir ki, may ayının əvvəllərində ana və erkək balıqların kütüm törədiciləri qəbul edilir: “Bir ana kütümdən 40-80 min arası körpə balıq almaq mümkündür. Bu, əsasən balığın yaşından və çəkisindən asılıdır. Xüsusi hovuzlarda hava şəraiti və temperaturdan asılı olaraq mayalanma prosesi gedir. 7-9 gün ərzində isə balıq körpələri əmələ gəlir”.
Körpə kütümlər hovuzlarda bir neçə gün təbii yemlərlə qidalandırılır. Daha sonra Xəzər dənizinə yaxın ərazidəki balıqkeçici kanallara buraxılır.
Yanvar ayında müəssisədə təbii törədici balıq fondu da fəaliyyətə başlayıb.
Kiçik Qızılağac Balıqartırma təsərrüfatının direktoru Dadaş Abbasovun sözlərinə görə, təbii törədici fondda çəki balığı, enlialın, ağ amur, Xəzər amuru və külmə balığı yetişdirilir. Əsas məqsəd təbii yolla balıqartırmanın çoxaldılmasıdır.
Tələbat çox olduğu üçün kütüm balıqlarının artırılmasına xüsusi diqqət göstərilir. Hər il dənizə milyonlarla körpə törədici buraxılır.
“Çalışırıq ki, Xəzərdə nəsli kəsilməməsi üçün kütüm körpələrini çox artıraq. İndi 2 milyon 366 min kütüm körpəsi dənizə buraxılır. Keçən illə müqayisədə bu il daha çox törədici müşahidə olunur. Havalar bir az sərt keçdiyi üçün cənub bölgəsində mövsüm yubanıb. Mövsümün gecikməsinə baxmayaraq, əlimizdən gələni edirik ki, ötənilki tempi saxlayaq və balıq körpələrinin dənizə buraxılışını təmin edək”, - deyə Dadaş Abbasov bildirib.
Müəssisədə kütüm törədicilərinin istehsal prosesi iyunun 15-dək davam edəcək. Təbii törədici balıq fondunun fəaliyyət göstərməsi gələcəkdə süni balıqartırmada kütüm törədicilərinin sayının 40-45 milyona çatmasına imkan verəcək.