İQTİSADİYYAT
Rusiyadan Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb VİDEO
İlin sonunadək daha 20 vaqonun Azərbaycana göndəriləcəyi planlaşdırılır
Moskva, 4 iyun, AZƏRTAC
Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti (SC) Azərbaycana yeni metro vaqonları göndərib.
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Moskva vilayətinin Mıtişi şəhərindən Bakıya yeni metro vaqonlarının ilk partiyası yola salınıb. “Transmaşholdinq” SC-nin baş direktoru Kiril Lipa, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov, “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov, KİV nümayəndələri tədbirdə iştirak ediblər. Bu gün Bakıya hər biri 5 vaqondan ibarət iki qatar yola düşüb. İl ərzində daha 20 vaqonun Bakıya göndəriləcəyi gözlənilir.
“Transmaşholdinq” SC-nin baş direktoru Kiril Lipa mərasimdə çıxış edərək bildirib ki, hər bir istehsalçı üçün daimi sifarişçi onun məhsulunun keyfiyyət göstəricisidir. O, “Bakı Metropoliteni” QSC ilə rəhbərlik etdiyi müəssisə arasında uzun illər əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayaraq qeyd edib ki, bu peşəkar münasibətlər qarşılıqlı etimad nümunəsidir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, 1967-ci ildə istifadəyə verilən Bakı metrosu Şərqdə ilk yeraltı nəqliyyat növü olub. Səfir bu münasibətlə gənc bəstəkar kimi “Bakı metrosu” mahnısını yazdığını da xatırladıb. O vurğulayıb ki, 100 ildən çox yaşı olan “Metrovaqonmaş” zavodunun keyfiyyətli məhsulları bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. “Üç milyonluq Bakı şəhərinin yeraltı nəqliyyatından gündə 600 mindən çox sərnişin istifadə edir. Sizin istehsal etdiyiniz keyfiyyətli məhsullar sayəsində sərnişinlər rahat və müasir vaqonlarda mənzil başına çata bilirlər”, - deyə o əlavə edib. Diplomat Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin inkişafından da söhbət açıb.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, öz növbəsində, qeyd edib ki, ilk illərdə 5 stansiyası olan Bakı metrosunun indi 25 stansiyasında 280 vaqon hərəkət edir və onların hamısı “Metrovaqonmaş” zavodunun istehsalıdır. Z.Hüseynov Rusiya müəssisəsi ilə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.
Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov bu gün Bakıya yola salınan vaqonların ən müasir tipli vaqonlar olduğunu qeyd edib. “Bu, zavodumuzun son model istehsalı olan 765-ci seriya vaqonlarıdır. Vaqonlarda ən müasir innovasiyalar əksini tapıb. Ötən il Bakıya 10 vaqon göndərmişik. Bu il isə Azərbaycan üçün 30 vaqon istehsal edəcəyik. Əminəm ki, Bakı kimi gözəl şəhərin sakinləri və qonaqları məhsullarımızdan razı qalacaqlar”, - deyə o bildirib.
Zavodda çalışan həmyerlilərimiz Anar Heydərov və Seymur Məmmədov jurnalistlərlə söhbətdə qeyd ediblər ki, ərsəyə gəlməsində əməkləri olan müasir vaqonların Bakıya göndərilməsi onları sevindirir. Həmyerlilərimiz zavodda bir vaqonun istehsalı üçün bir həftə vaxt sərf olunduğunu qeyd ediblər. İldə zavodda təxminən 600 vaqon istehsal olunur.
Xatırladaq ki, bu ilin fevralında Bakıda “Transmaşholdinq”in tərkibinə daxil olan “Metrovaqonmaş” SC-nin direktoru Boris Boqatıryov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metropoliten üçün 30 yeni nəsil vaqon istehsal edilməsinə dair müqavilə imzalayıblar.
Yeni model vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanmış vaqonların qapıları daha enlidir, qapıların açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib, konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün elektrik mənbəyinə malikdir. Baş vaqonlarda əlil arabaları və velosipedlər üçün yerlər ayrılıb. Orijinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.
Bakı Metropoliteni və “Metrovaqonmaş”ı uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Hazırda Bakı metrosunda “Metrovaqonmaş”da istehsal olunmuş 300-ə yaxın vaqon hərəkət edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva