Qadın İnkişaf və Müəssisə qruplarının məqsədi qadınların sosial və iqtisadi inkişafına nail olmaqdır FOTO VİDEO
Ağcabədi, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılan və Dünya Bankı tərəfindən dəstəklənən Azərbaycan Kənd Qadınları Assosiasiyası 2018-ci ilin mart ayından başlayaraq qadınların iqtisadi səlahiyyətləndirilməsi üzrə innovativ modeli sınaqdan keçirir. Bu vahid model kənd qadınlarının üzləşdiyi iqtisadi və sosial çətinlikləri, öz bizneslərinə başlamaq üçün onların ehtiyacı olan təşkilatlanma problemini həll etməyə yönəlib.
Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Qadın İnkişaf və Müəssisə qruplarının əsas məqsədi qadınların sosial və iqtisadi inkişafına nail olmaqdır. Bu qruplarda fəaliyyət göstərən qadınlar kənd təsərrüfatı, çörəkbişirmə, şirniyyat, tikiş və digər sahələrdə öz bizneslərini formalaşdırırlar. Hər biri 10-20 qadını birləşdirən bu qruplara maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə təlimlər keçirilir.
Assosiasiya Qadın İnkişaf və Müəssisə qruplarının milli şəbəkəsidir və kəndlərdə aqrobizneslə məşğul olan qadınları təmsil edən təşkilat rolunu oynayır. Qurum hazırkı qrupların gücləndirilməsi və yeni qrupların səfərbər edilməsini öz üzərinə götürüb. Assosiasiya, həmçinin biznes inkubatorlara dəstək verəcək və qrupların rəsmi maliyyə kanalları ilə əlaqələndirilməsinə kömək edəcək. Qadın İnkişaf və Müəssisə qrupları Azərbaycan Kənd Qadınları Assosiasiyası vasitəsilə region və ölkə üzrə genişlənəcək ki, bu da onlara öz bizneslərinin həcmini və miqyasını inkişaf etdirməyə imkan verir.
AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi və Bərdə rayonlarında yaradılmış Qadın İnkişaf və Müəssisə qruplarının biznes fəaliyyətləri ilə tanış olub. Bərdə rayonunun Böyük Göyüşlü kəndində yaradılan “Fatimə” qrupu özündə 11 kəndin qadınlarını birləşdirir. Qrupun sədri Zümrüd Hüseynova əsasən kənd təsərrüfatı ilə məşğul olduqlarını deyir: “70 sot ərazidə 16 ədəd mövsümi istixanada bibər yetişdirmişik. Mayın 20-dən indiyədək 2 ton məhsul yığıb satmışıq. Hazırda məhsul yığımı davam edir. Bundan başqa 1,3 hektarda qarpız, 0,3 hektarda pomidor becəririk”.
Bibər yığımı başa çatdıqdan sonra kələm də becəriləcək. Artıq kələm əkiləcək ləklər hazırlanıb. “Fatimə” qrupu kənd təsərrüfatı ilə məşğul olmaqla yanaşı, kənddə gözəllik salonu da açıb.
Bərdə rayonunun Gərənə kəndində yaradılan “Günəş” qrupunun qadınları isə öz bizneslərini çörəkbişirmə və şirniyyat sexi ilə qurublar. Qrupun üzvü Siyatel Namazova bu barədə danışarkən deyib: “Kəndimizdə çörəkbişirmə və şirniyyat sexi yox idi. Qrupun üzvləri ilə müzakirə apardıq və bu sahədə fəaliyyət göstərməyi qərara aldıq. Bişirdiyimiz çörəklər dadı, ləzzəti ilə seçilir. Odur ki, qısa müddətdə müştərilərimizin sayı artıb”.
“Günəş” qrupuna Gərənə kəndi ilə yanaşı, rayon mərkəzindən, Yevlax və Mingəçevir şəhərlərindən də sifarişlər olur.
Ağcabədi rayonunun Təzəkənd kəndindəki “Uğur” qrupu həm baramaçılıq və pambıqçılıq, həm də qənnadı məhsulları istehsalı ilə məşğuldur. Qrupun üzvü olan qadınlar 13 qutu ipəkqurdu bəsləyiblər. Hazırda barama tədarükü, eyni zamanda, 3 hektar pambıq sahəsində becərmə işləri görülür. Şirniyyat evində bişirilən müxtəlif çeşidli qənnadı məhsulları isə kənd sakinlərinin süfrələrini bəzəyir.
Qeyd edək ki, hazırda ölkəmizin 17 rayonunda yaradılan 38 Qadın İnkişaf və Müəssisə Qrupunda 462 qadın fəaliyyət göstərir.