REGİONLAR
Cəlilabadlı fermerlər taxıl zəmilərindən 200 min tona yaxın məhsul gözləyirlər REPORTAJ VİDEO
Cəlilabad, 11 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
Cənub bölgəsində iri taxılçılıq rayonu olan Cəlilabadda arpa biçini yekunlaşmaq üzrədir. Taxıl sahələrinin 80 faizini dəmyə əkinçiliyi təşkil edən rayonda builki məhsuldarlıq ürəkaçandır. Bu il fermerlər taxıl zəmilərindən 200 min tona yaxın məhsul gözləyirlər.
AZƏRTAC xəbər verir ki, ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti olan taxılçılıq Cəlilabadın aqrar sektorunun aparıcı sahəsini təşkil edir. Buna görə də torpağın şumlanmasından başlayaraq biçilən məhsulun daşınmasına qədər bütün proseslər aidiyyəti qurumların ciddi nəzarətindədir. Bütün bunların hesabına ötən il tarlalarda yüksək məhsuldarlığa nail olunub, rayon üzrə 161 min ton buğda və arpa istehsal edilib. Bu isə rayon əhalisinin tələbatından da artıq məhsul tədarükü deməkdir.
Ötən ilin payızında 62 min 600 hektar sahədə əkilmiş taxıl zəmilərinə aqrotexniki qaydada qulluq edilməsi bu il daha çox məhsul istehsal olunacağına təminat verir. Hazırda strateji əhəmiyyətli məhsulun optimal müddətdə toplanması məqsədilə sahələrdə 50-yə yaxın taxılbiçən kombayn işləyir.
Fermer Əli Əliyev: “Həqiqətən də Cəlilabadda məhsuldarlıq bu il boldur. Kombaynlar sahələrdə növbəli şəkildə işləyirlər. Mənim də iki hektar torpaq sahəm var. Bu il taxıl sahəmdən hektara 30 sentner taxıl gözləyirəm”.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) mütəxəssislərinin sözlərinə görə, builki məhsuldarlıq ötən ilkindən 10-15 sentner çox gözlənilir. Cəlilabad DAİM-in sektor müdiri Füzuli Əliyev: “Rayonumuzda hazırda arpa biçini yekunlaşmaq üzrədir. Arpada məhsuldarlıq 30-35 sentner təşkil edir. Arpa biçini ilə yanaşı, indi buğda biçini də davam edir. Rayonda 4500 hektar arpa, 54 min 900 hektar isə buğda sahəsi var. Buğda sahələrindən də hər hektardan 45-50 sentnerə yaxın məhsul gözlənilir”.
Mütəxəssislər bildirirlər ki, sahələrdə xaricdən ölkəmizə gətirilmiş müasir kombaynlar işləyir. Həmin kombaynlarda quraşdırılmış xüsusi qurğu vasitəsilə biçin prosesində küləş tam xırda formada doğranaraq torpağın üst səthinə səpilir. Bu isə növbəti əkin ilində torpaq üçün yüksək qida mənbəyidir. Bundan başqa, bütün kombaynlar GPS sistemi ilə nəzarətdədir.
Qeyd edək ki, ötənilki taxıl məhsuluna görə cəlilabadlı fermerlərə dövlət büdcəsindən 5 milyon manata yaxın subsidiya verilib.