REGİONLAR
Tərtərdə intensiv bağçılıq təsərrüfatında məhsul yığımına başlanılıb – REPORTAJ VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi - Kəndbəkənd
Tərtər, 12 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.
“Aqropat” MMC-nin direktoru Elçin Maqsudov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Bağa 2018-ci ildə və bu il, ümumilikdə, 128 hektarda İspaniya və Türkiyədən gətirilmiş 200 min ədədə yaxın yüksək məhsuldar meyvə tingi əkilib. Burada almanın 7, armudun 3, gilasın və əriyin 5, gavalının 2 sortu, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Artıq ötən il əkilmiş ağaclar ilk barını verib və hazırda məhsul yığımı aparılır.
Bağın salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb, rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib. Müqaviləyə əsasən tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər.
Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 12 min şam ağacı əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su matorlar vasitəsilə filtirlərə, sonra isə bağa ötürülür. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistemlə damlama üsulu ilə həyata keçirilir.
Hazırda bağçılıq təsərrüfatında meyvə yığımı ilə yanaşı, ağaclara aqrotexniki qulluq edilir. Aqronom Elnur Müseyibli deyir ki, bağda alaqdan təmizləmə, budama, meyvələri çox olan ağaclarda seyrəltmə işləri aparılır, əsas budaqlar dirəklərə bağlanılır. Ağacların suvarılmasının damlama üsulu ilə həyata keçirilməsi onların inkişafını və məsuldarlığını artırır.
Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 100 nəfərdən çox sakin isə mövsümi işlərə cəlb olunub. Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Gülüstan Bağırovadır. “İki ildir bağçılıq təsərrüfatında işlə təmin olunmuşam. Bağın salınmasında, ağacların becərilməsində iştirak etmişəm. Artıq zəhmətimizin bəhrəsini görürük. Bağda ilk məhsul yığımını aparırıq. Məhsulumuz boldur, meyvələr gözəldir. İşimdən də çox razıyam”, - deyə G.Bağırova bildirib.
İntensiv bağçılıq təsərrüfatında hazırda işçilər üçün istirahət otaqları, yeməkxana, kənd təsərrüfatı texnikaları üçün park, həmçinin ofis binasının tikintisi aparılır. Gələcəkdə bağın daha da genişləndirilməsi nəzərdə tutulur.