REGİONLAR
Seyfdə narkotik gəzdirən Cəlilabad sakini saxlanılıb VİDEO

Cəlilabad, 15 fevral, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakininin avtomobilindəki seyfdən 2 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini Üzeyir Cavadov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Keçirilən baxış zamanı onun üzərindən və idarə etdiyi “Toyota” markalı avtomobilin yük yerindəki dəmir seyfdən 1 kiloqram 511 qramdan artıq heroin və 461 qrama yaxın psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.