REGİONLAR
AZTV azad olunmuş ərazilərdə çəkiliş aparan xüsusi qrupun fəaliyyətindən bəhs edən reportaj yayımlayıb VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
İşğaldan azad olunmuş bölgələrimizdə düşmənin törətdiyi dağıntıların miqyası getdikcə hər gün daha aydın görünür. Ermənistan 30 illik işğal dövründə şəhər və kəndlərimizi darmadağın edərək vandalizm aktları törədib. Bunu Vətən müharibəsindən sonra azad olunmuş rayonlarda işğalın ağır izlərini lentə alan jurnalistlərin çəkdiyi foto-video kadrlar da əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin düşmənin törətdiyi ağlasığmaz vəhşiliklərin, ölçüyəgəlməz dağıntıların sənədləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq AZƏRTAC-ın və AZTV-nin əməkdaşlarının da daxil olduğu çəkiliş qrupu yeddi aya yaxındır ki, həmin ərazilərdə işləyir.
Azərbaycan Televiziyası çəkiliş qrupunun fəaliyyəti barədə AZTV-nin İnformasiya proqramları studiyasının direktor müavini, Əməkdar jurnalist Yunis Orucovun hazırladığı reportajı yayımlayıb.
Reportajda bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdığı abad şəhərlərin, kəndlərin bugünkü acınacaqlı mənzərəsi əks olunub. Bu kadrlara baxan hər kəs erməni barbarlığının əsl üzünü görə bilər. İndi dünyanın yeni Naqasakisi, Xirosiması var və bu vəziyyəti yaradan atom bombasından da təhlükəli olan erməni vandalizmidir.
Xüsusi çəkiliş qrupu gərgin iş rejimində şəhərbəşəhər, kəndbəkənd gəzərək bütün vandalizm aktlarını bir-bir qeydə alır, foto və videoçəkilişlər edərək baş vermiş dağıntıları sənədləşdirir. Reportajın aparıcısı qrup üzvlərinin təəssüratlarına da geniş yer verib. Müxbirlərin, fotoqrafların və operatorların sözlərinə görə, bu, çətin və mürəkkəb iş olsa da, son dərəcə məsuliyyət, səbir və dəqiqlik tələb edən vacib missiyadır.
Reportajda vurğulanır ki, işğaldan azad olunan torpaqlarımızda 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı vandalizmin qurbanı olub. İşğal dövründə təqribən 400-dən çox tarixi-dini abidə, o cümlədən 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb.
Çəkilişlər hava şəraitindən asılı olmayaraq fasiləsiz, hər gün davam edir. Jurnalistlər ən ucqar yerlərə gedərək, vəhşicəsinə dağıdılmış tarixi, dini və mədəni abidələrlə yanaşı, yerlə-yeksan olunmuş evlərin, ictimai binaların, sosial infrastruktur obyektlərinin dağıntılarını çəkir və qeydiyyatını aparırlar.
Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan bu cinayətlərə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcək. Xüsusi çəkiliş qrupunun topladığı materiallar isə beynəlxalq ədalət məhkəməsində təkzibolunmaz dəlil-sübut kimi istifadə edilə bilər.