Qubadlının Hacı Bədəl körpüsü FOTO VİDEO
Qubadlı, 21 may, foto Roman İsmayılov, AZƏRTAC
İşğaldan azad olunmuş bölgələrimizdəki tarixi tikililərdən biri də Qubadlı rayonunun Dəmirçilər kəndində yerləşən tağsız körpüdür.
AZƏRTAC xəbər verir ki, XIX əsrdə Hacı Bədəl tərəfindən Ağa çayı üzərində tikilib və yerli sakinlər tərəfindən Hacı Bədəl körpüsü kimi tanınır. Vaxtilə 15 kəndin əhalisinin rayon mərkəzi ilə əlaqəsini təmin edirdi. Uzun illər düşmən əsarətində qalan bu körpü yararsız vəziyyətə düşüb.
Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla) əhəng və yumurta sarısından istifadə оlunub. Körpünün son dərəcə maraqlı arxitekturası var. Belə ki, körpü yaz gələndə daşan dağ çayının (Ağa çayı) üstündə salınıb. Heç vaxt ram olunmayan, dəlisov dağ çayının üstündə salındığından tağbənd formasındadır. Körpünün ortasında dayaqlar ona görə qoyulmayıb ki, dağ çayına sel gəlsə, maneəsiz axını təmin olunsun.
Artıq Hacı Bədəl körpüsü azaddır, tezliklə digər tarixi tikililərimiz kimi bu körpüdə yenidən qurulacaq və Qubadlı sakinlərinin istifadəsinə veriləcək.