REGİONLAR
Sabirabadda şəhid övladları üçün bayram şənliyi keçirilib VİDEO
Sabirabad, 1 iyun, Aydın Yavərzadə, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin övladlarının iştirakı ilə tədbir təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqardan danışıb, onların ailələrinə və bizə əmanət qalan övladlarına qayğı ilə yanaşıldığını vurğulayıblar.
Qeyd edilib ki, Vətən müharibəsində Sabirabddan 44 nəfər şəhadətə ucalıb. Onlardan 13 nəfəri ailəli olub və həmin qəhrəmanların 24 övladı yadigar qalıb.
Tədbirdə çıxış edən şəhid Süleyman Qarayevin həyat yoldaşı Şəlalə Qarayeva və şəhid mayor Anar Məmmədovun qızı Zeynəb Məmmədli tədbirin təşkil olunmasına görə təşkilatçılara şəhid ailələri və şəhid ailələrinin övladları adından minnətdarlığını bildirib.
Sonra Sabirabad şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Hüseyn Hümbətlinin ifasında mahnı səsləndirilib, məktəbin digər şagirdləri əyləncəli rəqs nümunələri nümayiş etdirib, məktəbin nağaraçılar ansamblının ifasında müxtəlif ritmlər ifa olunub.
Tədbir müxtəlif cizgi film personajlarının və şən klounların uşaqları əyləndirən rəngarəng çıxışları ilə davam edib. Sonda tədbirdə iştirak edən uşaqlara Sabirabad Regional Mədəniyyət İdarəsi və Sabirabad rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan müxtəlif hədiyyələr təqdim olunub.