17 aprel - Dünya Hemofiliya Günüdür
Bakı, 17 aprel (AZƏRTAC). Aprelin 17-si Dünya Hemofiliya Günüdür. Bu əlamətdar gün dünyanın 100-dən çox ölkəsində əhalini xəstəliklə bağlı məlumatlandırmaq məqsədi ilə hər il qeyd olunur. İrsi qan xəstəliyi olan hemofiliya Asiya, Afrika qitəsində, Aralıq dənizi hövzəsində daha çox yayılmışdır. Xəstəliyin əsas səbəbləri kimi mütəxəssislər yaxın qohumların nikahını, radiasiyalı ətraf mühiti, qida və tütün məmulatlarının təsirini göstərirlər.
Hemofiliya qanın laxtalanma prosesinin anadangəlmə pozğunluğu olub, təkcə həmin xəstəlikdən əziyyət çəkən şəxslərin yox, həm də cəmiyyətin sosial-iqtisadi problemidir. Xəstəlik nəsildən-nəslə yalnız xəstənin bacıları və qızları vasitəsilə keçir. Qadın vasitəsilə hemofiliya, nəinki ondan sonrakı nəslə, hətta onun qızları və qız nəvələri vasitəsilə daha sonrakı nəsillərə də ötürülə bilər. Onu da qeyd etmək lazımdır ki, hemofiliya xəstələrində yeni qandan istifadə olunur.
Azərbaycanda isə bu xəstəlikdən 1500-dən çox insan əziyyət çəkir. Son illər ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin səviyyəsi yüksəldiyi üçün ölüm faizi azalmışdır.
Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə “Hemofiliya və talassemiyalı irsi qan xəstəliyinə düçar olmuş şəxslərə dövlət qayğısı” haqqında Fərman imzalanmışdır. Bununla əlaqədar əhali arasında vaxtaşırı maariflənmə kampaniyası həyata keçirilir. Ölkəmizdə uğurla həyata keçirilən “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı”isə irsi qan xəstəliyindən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırılmasına və ömürlərinin uzadılmasına xidmət edir. Proqram çərçivəsində xəstələr dərman preparatları ilə pulsuz təmin olunurlar.
Uşaqların sağlamlığını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Heydər Əliyev Fondunun və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın talassemiyalı uşaqlara diqqəti də xüsusi qeyd olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə “Talassemiyasız həyat naminə” layihəsinə başlamışdır. Bundan əlavə, Bakı şəhərində istifadəyə verilən Talassemiya Mərkəzi indi hemofiliyalı uşaqların və onların valideynlərinin böyük ümid yeridir. Demək lazımdır ki, 12 otaqdan ibarət klinika, xəstələrə qanköçürmə əməliyyatı aparılan transfuziya zalı, laboratoriya və digər zəruri şöbələrə malik Mərkəz beynəlxalq standartlara tam cavab verir. Burada quraşdırılan ən müasir tibbi avadanlıq müalicənin yüksək səviyyədə aparılmasına şərait yaradır.
Eyni zamanda, Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı təşkil edilən könüllü qanvermə aksiyalarından toplanan qan irsi qan xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.