“YAŞAT” Fondu qazilərin və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işləri davam etdirir VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
“YAŞAT” Fondu Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, fond tərəfindən maliyyə dəstəyi göstərilən növbəti ailələr Vətən müharibəsində şəhid olan Samir Abbasov və Vüsal Güləliyevin ailələridir.
Laçın uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Samirin atası Adəm Abbasov da Vətən müharibəsi iştirakçısıdır. Talışkənd və Suqovuşan istiqamətlərində döyüşən Adəm Abbasov şəhid ailəsinə göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib: “YAŞAT” Fondunun maliyyə yardımı ilə evimizi yenidən təmir etdik. Göstərilən diqqətə görə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Şəhid Vüsal Güləliyevin anası oğlunun vətənpərvərliyindən bəhs edib. Xocavənd uğrunda gedən döyüşlərdə ürəyindən güllə yarası alan şəhidin atası Azər Güləliyev deyib ki, “YAŞAT” Fondu onların müraciəti olmadan ailəyə yardım göstəriblər: “Fondun maddi yardımı ilə evdə ayaqyolu, mətbəx tikildi, təmir işləri aparıldı və ev üçün müxtəlif əşyalar alındı. Nəticədə, məişət durumumuz yaxşılaşdı. “YAŞAT” Fonduna və Fonda ianə edən hər kəsə təşəkkür edirəm”.