REGİONLAR
Gəncədə narkotik satan şəxslər saxlanılıblar VİDEO

Gəncə, 6 iyul, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ruslan Alıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman üzərindən 7.68 qram narkotik vasitə olan heroin aşkar olunub. Polis əməkdaşları R.Alıyevin yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman oradan çəkisi 9 qram olan heroin aşkar edərək götürüblər.
Keçirilən digər bir peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir narkotacir saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Ruslan Quliyev fiziki məhdudiyyətli olmasından istifadə edərək qanunsuz olaraq satış məqsədilə narkotik maddə əldə etmiş və onu şəhər ərazisində satışını təşkil etmişdir. R.Quliyev saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və üzərinə baxış keçirilən zaman çəkisi 7.20 qram heroin aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Quliyevin yaşadığı fərdi yaşayış evindən 17.24 qram heroin aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.