Neftçalada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması müsbət nəticələr verir VİDEO
Neftçala, 25 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda heyvanlar arasında aparılan süni mayalandırmalar ət və süd istehsalının, eyni zamanda, mal-qaranın baş sayının artmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, son illər Neftçalada heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələrini verməkdədir. Bu məqsədlə xarici ölkələrdən yüzlərlə ətlik və südlük düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib. Hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 61 baş inək və düyədən 2 min 765 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma aparılmış hər 100 baş inəyə 68 bala düşüb. Süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 276 min 500 manat subsidiya ödənilib.
Süni mayalanma mütəxəssisi Şıxəli Baloğlanov deyir ki, son illər fermerlərin süni mayalanmaya marağı artıb: “Fermerlər həmişə süni mayalanma ilə bağlı bizə müraciətlər edirlər. Həmin müraciətlərə əsasən süni mayalanma işi aparırıq. Süni mayalanmadan alınan buzovların cins tərkibi yaxşılaşır. Südlük, ətlik cins sortlar var. Fermerlər yüksək məhsuldar cins buzovlar əldə etməklə qazancalarını artırmış olurlar”.
Hazırda Neftçalada 130 min baş xırdabuynuzlu, 40 min baş iribuynuzlu heyvan mövcuddur. Rayonda ilin əvvəlindən bu günədək 2958 baş heyvanda süni mayalanma aparılıb, 1917 baş buzov əldə olunub. Hər alınan buzova görə dövlət tərəfindən 100 manat subsidiya ayrılması yerli heyvandarların süni mayalanmaya marağını artırıb.
Fermer Zahir Əzizov süni mayalanma nəticəsində cins tərkibi yaxşılaşdırılmış heyvanların üstünlüklərindən danışır: “Süni mayalanma ilə alınan heyvanların üstün cəhətləri çoxdur. Ən əsası əti və südündən yaxşı qazanc əldə edirik. Subsidiya da verilir. Fermerlərə hər cür dəstək göstərilir. Bu pulla heyvanın yemini alırıq, təsərrüfatımızı genişləndiririk. Bu da bizə hərtərəfli xeyirdir. Ailəlikcə təsərrüfatla məşğuluq. Gələcəkdə daha çox buzov əldə edib heyvanlarımızın baş sayını artırmaq istəyirik”.
Mütəxəssislər qeyd edirlər ki, süni mayalanmanın effekti təkcə onun ətlik və südlük istiqamətləri ilə ölçülmür. Belə ki, bu yolla ilk növbədə, heyvanlar arasında yayılan xəstəliklərin qarşısı alınır.