2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunması gənclərə göstərilən dövlət qayğısının təzahürüdür
Masallı, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 1-də Masallı şəhərində Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, 2019-cu ildə Masallı rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işləri əks etdirən videoçarxa baxıblar.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev gənclərin təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına daim xüsusi diqqət və qayğı göstərib.
1997-ci ildə Ümummilli Liderin imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlətimizin başçısı gənclərimizi narahat edən məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır, onların sosial məişət problemlərinə xüsusi qayğı göstərir.
2020-ci ilin “Könüllülər ili” elan olunmasını Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürü olduğunu vurğulayan Ş.Məmmədov ölkəmizdə könüllülük hərəkatının daha da artmasının cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edəcəyinə, gənclərin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib: “Bu gün həm də ona görə əlamətdardır ki, keçirilən onlayn səsverməyə əsasən Masallı 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib. Bu münasibətlə sizi təbrik edirəm”.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkəmizdə, o cümlədən Masallı rayonunda görülən işlərdən danışaraq, ölkəmizdə gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində lazımi işlərin görüldüyünü diqqətə çatdırıb.
Ümumrayon tədbirində gənc müəllim Könül Qənbərova, idmanın taekvondo növü üzrə yeniyetmə qızlar arasında iki dəfə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi Sevda Əzizova, Qarabağ şəhidi Heybət Hüseynovun oğlu Ülvi Hüseynli, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Sura Seyfullayeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Uğur Ağazadə gənclərə işlərində uğurlar arzulayaraq, onları bütün sahələrdə fəal olmağa çağırıblar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərin bir qrupuna Masallı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.
Ümumrayon tədbiri gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.