“Tərtər” sol sahil magistral kanalında təmir-bərpa işləri gələn ilin oktyabrında tamamlanacaq VİDEO
Tərtər, 16 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
“Tərtər” sol sahil magistral kanalı 22,4 kilometr uzunluğundadır. Bu kanal saniyədə 20 kub su ötürür. Goranboy, Yevlax, Bərdə və Tərtərin sol sahilində yerləşən kəndlərdə, ümumilikdə, 29 min hektar sahənin suvarılmasında mühüm rol oynayır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tərtər Hidroqovşağı İstismar İdarəsinin rəisi Emil Hacıyev söyləyib.
Onun sözlərinə görə, “Tərtər” sol sahil magistral kanalında hazırda təmir-bərpa işləri aparılır: “Təmir işlərinə iki həftədir başlanılıb və gələn ilin oktyabrında tamamlanması gözlənilir. Kanalın su mənbəyi Suqovuşan anbarıdır. Birinci Qarabağ müharibəsində Suqovuşan su anbarı işğal altında olduğuna görə, kanala su verilməyib. Təmir-bərpa işləri başa çatdıqdan sonra kanala yenidən Suqovuşan anbarından suyun verilməsi təmin ediləcək”.