CƏMİYYƏT
Avtobuslarda cibgirlik edən və üstündə silah gəzdirən şəxslər saxlanılıblar VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Nəsimi rayonunda avtobuslarda cibgirlik edən və üstündə qanunsuz olaraq odlu silah gəzdirən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üstündə qanunsuz olaraq odlu silah-sursat gəzdirən Teymur Ağayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində saxlanılıb. Onun üstünə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, daraq və 4 ədəd patron aşkar edilərək götürülüb. Teymur Ağayev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
Sərnişin avtobuslarında cibgirliklə məşğul olan Sərxan Əliyev isə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı saxlanılıb. Araşdırma zamanı bu şəxsin əsasən insanların sıx olduğu vaxtlarda avtobuslarda cibgirliklə məşğul olduğu müəyyən edilib.
Faktlarla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Araşdırmalar davam etdirilir.
Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.