CƏMİYYƏT
267 nömrəli tam orta məktəbdə sağlam həyat tərzinə dair maarifləndirici tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16672857485690538203_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1667285748174731177_1200x630.jpg)
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhərində yerləşən 267 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
AZƏRTAC İSİM-in rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı təşkil olunan tədbirin məqsədinin məktəbliləri zərərli vərdişlər və qurd xəstəlikləri ilə bağlı məlumatlandırmaq olduğunu qeyd edib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib, gənc nəslə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmağı tövsiyə edib.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova “Qurd xəstəliklərinin profilaktikası” mövzusunda təqdimatla məruzə edərək qurd xəstəlikləri və onların yarada biləcəkləri fəsadlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu xəstəlik daha çox 5-14 yaşlı uşaqlar arasında müşahidə olunur və müalicə edilmədikdə bir sıra problemlərə, o cümlədən boyartma göstəricisinə, mənimsəmə qabiliyyətinə və azqidalanmaya, qəbizliyə, qan azlığı kimi xəstəliklərə gətirib çıxara bilər.