27 sentyabr – Milli yaddaşımızda əbədi yaşayan qəhrəmanlıq günü
Naxçıvan, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “27 sentyabr – Milli yaddaşımızda əbədi yaşayan qəhrəmanlıq günü” mövzusunda tədbir keçirilib.
İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev çıxış edərək 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında həm qürur, həm də hüzn hissləri ilə bağlı xüsusi yer tutduğunu bildirib.
Qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının igid oğul və qızlarının göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu Zəfərin əldə olunması yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad edilir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və sonrakı mərhələdə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, üçrəngli Azərbaycan Bayrağı doğma torpaqlarımızda dalğalanır.
Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, Şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva və Vətən müharibəsi qazisi Hüseyn Məmmədov çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan xalqının həmrəyliyinin, ordumuzun gücünün və dövlət-xalq-ordu birliyinin mühüm nəticəsi olduğu vurğulanıb. Şəhidlərin müqəddəs xatirəsinin daim yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu qeyd edilib.
Çıxışlar zamanı şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıdan, şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərinin həllinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib. Həmçinin şəhid ailələri və müharibə iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Uşaq Teatrının hazırladığı “Zəfərə gedən yolda anımın səsi” adlı tamaşaya baxış olub.
Müxbir- Nail Əsgərov